Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Nizamnamə

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kollegiyasının 

2015-ci il 24 noyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun

N İ Z A M N A M Ə S İ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu (bundan sonra – İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 06 may tarixli 298 nömrəli qərarına əsasən yaradılmış, “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 №li qərarının 6-cı hissəsinə əsasən adı dəyişdirilmişdir. İnstitutun əvvəlki adı Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu olmuşdur.

1.2. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra-Nazirlik) Əsasnamənisini, Nazirliyin kollegiyasının qərarlarını, əmrlərini və göstərişlərini, Nazirliyin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin göstərişlərini və bu Nizamnaməni rəhbər tutur.

1.3. İnstitut Azərbaycan Respublikasında tərəvəz, bostan və kartof bitkilərinin seleksiyası, toxumçuluğu, becərilməsi, mühafizəsi, aqrokimyası, suvarılması və aqrotexnologiyasına aid elmi-tədqiqat işləri aparan, bu sahədə yeni texnologiyaları işəlyib hazırlayan və tətbiqini təmin edən, qeyri-kommersiya hüquqi şəxsi olan elmi tədqiqat müəssisəsidir.

1.4. İnstitut bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə həyata keçirir.

1.5. İnstitut bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar), hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.6. İnstitut müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə hesabına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.7. İnstitutun fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına mailiyyələşdirilir.

1.8. İnstitutun hüquqi ünvanı: Abşeron rayonu, 2 saylı sovxoz.

2. İnstitutun fəaliyyətinin istiqamətləri 

  1. İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. tərəvəz (açıq və örtülü sahə), bostan və kartof bitkilərinin yeni sortlarının yaradılması, ilkin toxumçuluğun təşkil edilməsi, bitkilərin becərmə texnologiyası və əkin dövriyyəsi sistemlərinin işlənilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə sahəsində elmi tədqiqat işlərinin həyata keçirilməsi;

2.1.2. xəstəlik və zərərvericilərə davamlı olan yüksək məhsuldar sortların yaradılması və onların yerli şəraitə uyğunlaşdırılması;

2.1.3. torpaq-iqlim şəraitinə uyğun sortların seçilməsi, xəstəliklərə, zərərvericilərə, qeyri-əlverişli abiotik amillərin stress təsirinə qarşı davamlı sortların yaradılması və onların tətbiq edilməsi üçün tədbirlərin görülməsi;

2.1.4. tərəvəz (açıq və örtülü sahə), bostan və kartof bitkilərinin ayrı-ayrı sortları üzrə toxumçuluğun elmi təminatının yaxşılaşdırılması üçün müvafiq elmi-tədqiqat və ali tədris müəssisələri ilə əməkdaşlığın həyata keçirilməsi və müasir texnologiyaya əsaslanan məqsədli proqram layihələrinin hazırlanması;

2.1.5. tərəvəzçilik, bostançılıq və kartofçuluq sahəsində informasiya təminatı sisteminin formalaşdırılmasında iştirak edilməsi.

3. İnstitutun məqsəd və vəzifələri 

3.1. İnstitutun əsas məqsədi tərəvəzçilik sahəsində fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərinin həyata keçirilməsindən ibarətdir.

3.2. İnstitut fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

  • tərəvəz (açıq və örtülü sahə), bostan və kartof bitkilərinin başlanğıc genetik materialının yaradılmasının və kompleks qiymətləndirilməsinin yeni seleksiya genetik və biotexnoloji metod və üsullarını işləyir;
  • şitillərin və tərəvəzlərin texnoloji becərmə üsullarını işləyib hazırlayır;
  • mütərəqqi əkinçilik sisteminin tətbiqi əsasında ölkənin əsas təbii-iqtisadi bölgələrində torpağın münbitliyinin bərpası və saxlanması üsullarını və texnologiyalarını işləyib hazırlayır;
  • tərəvəz (açıq və örtülü sahə), bostan və kartof bitkilərinin məhsullarının yığılması, daşınması, saxlanması, emalı və standartlaşdırılması məsələlərini öyrənir;
  • rayonlaşmış sortların ilkin toxumçuluğunu təşkil edir;
  • tərəvəz (açıq və örtülü sahə), bostan və kartof bitkilərinin xəstəlik və zərərvericilərinin növ tərkibini, onların ayrı-ayrı bölgələrdə yayılmasını öyrənir, xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərini işləyib hazırlayır;
  • tərəvəzçilik (açıq və örtülü sahə), bostançılıq və kartofçuluq üzrə beynəlxalq təcrübəni öyrənir və həmin sahədə istehsalın təkmilləşdirilməsinə dair tövsiyələr hazırlayır;
  • elmi kadrlar hazırlayır, elmi işçilərin xarici ölkələrin elmi-texniki nailiyyətləri ilə tanış etmək və təcrübə mübadiləsi yolu ilə ixtisaslarının artırılması üçün tədbirlər görür;
  • institut tərəfindən hazırlanan tərəvəzçilik məhsullarının sort və hibridlərinin, tövsiyə və təkliflərin istehsalatda tətbiqi zamanı müəllif nəzarətini həyata keçirir;
  • açıq və örtülü sahə tərəvəzçiliyi üçün yeni nəsil maşın və avadanlıqlarının yaradılmasına dair ilkin tələbatları işləyib hazırlayır;
  • mütərəqqi texnologiyaların, maşın sistemlərinin, yeni texnikanın, texniki vasitələrin, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin və digər başa çatmış elmi-tədqiqat işlərinin istehsalat şəraitində ilkin sınağını aparır;
  • elmi işlərin və layihələrin ekspertizasını aparır;
  • aqrokimyəvi və biokimyəvi tədqiqatların aparılması üzrə xidmətlər göstərir;
  • tərəvəzçilik sahəsində hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələr əsasında haqqı ödənilən xidmətlər göstərir;
  • sahə üzrə elmi nailiyyətlərə dair elmi əsərləri, metodik tövsiyələri və digər çap materiallarını hazırlayır və nəşr etdirir;
  • tərəvəzçilik, bostançılıq və kartofçuluq sahəsinin informasiya təminatı sisteminin formalaşdırılmasında iştirak edir;
  • tərəvəzçilik, bostançılıq və kartofçuluq sahəsində elmi tədqiqat işlərinin nəticələrini istehsalata tətbiq edir, elmi nailiyyətləri, elmi bilikləri və qabaqcıl təcrübəni təbliğ edir;
  • faraş tərəvəzçiliyə dair metodiki göstərişlər, tövsiyələr, standartlar işləyib hazırlayır;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 4. İnstitutun hüquqları 

İnstitut aşağıdakı hüquqlara malikdir:

  • öz adından Azərbaycan Respublikasının qanunvericiliynə zidd olmayan müqavilələr bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək, məhkəmələrdə cavabdeh və iddiaçı kimi çıxış etmək;
  • müvafiq səlahiyyətli dövlət orqanlarının və məhkəmələrin sorğuları əsasında səlahiyyətinə aid məsələlər üzrə rəy vermək;
  • Azərbaycan Respublikasının ərazisində İnstitutun filialının və dayaq məntəqəsinin yaradılması barədə Nazirlik qarşısında vəsatət qaldırmaq;
  • tərəvəzçilik, bostançılıq və kartofçuluq məhsullarının toxumlarının sınaqdan keçirilməsi və təkrar istehsalı məqsədi ilə regionlarda elmi eksperimental təcrübə bazası yaratmaq;
  • yardımçı təsərrüfatlar yaratmaq;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə müqavilələr əsasında haqqı ödənilən xidmətlər göstərmək;
  • doktorantura və dissertantura yolu ilə elmi kadrlar hazırlamaq;
  • fəaliyyəti barədə məlumatları sərbəst yaymaq;
  • fəaliyyət sahəsi ilə bağlı mütəxəssis mübadiləsini həyata keçirmək;
  • tərəvəzçilik, bostançılıq və kartofçuluq sahəsində proqramların və layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • tərəvəz, bostan və kartofçuluq üzrə keçirilən hərrac, sərgi və baxışlarda, elmi simpoziumlarda, sınaq, yarış və müsabiqələrdə iştirak etmək;
  • qanunvericilkdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

5. İnstitutun strukturu və fəaliyyətinin təşkili 

5.1. İnstitutun funksional fəaliyyətini bilavasitə təmin edən əsas və yardımçı bölmələr onun vahid strukturunu təşkil edir.

5.2. İnstituta Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

Direktor İnstituta həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. İnstitutun direktorunun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

5.4. İnstitutun direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. İnstitutun direktoru:

5.5.1. İnstitutun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə İnstitutu təmsil edir və onun adından etibarnamələr verir;

5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində İnstitutun strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilməsi üçün Nazirliyə təqdim edir;

 5.5.4. İnstitutun direktorunun müavinləri arasında vəzifə bölgüsünü müəyyən edir və həmin vəzifələrin həyata keçirilməsinə nəzarət edir;

5.5.5. Direktor müavinləri istisna olmaqla İnstitutun digər işçilərini və Nazirliklə razılaşdırmaqla tabeliyindəki müəssisələrin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, barələrində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.6. İnstitutun struktur vahidlərinin (şöbələrin və laboratoriyaların) və tabeliyindəki müəssisələrin əsasnamələrini təsdiq edir;

5.5.7. İnstitutun işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;

5.5.8. İnstitutun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən tabeliyindəki müəssisələrin yenidən təşkili və ləğv edilməsi barədə Nazirliyə təkliflər verir;

5.5.9. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.5.10. İnstitutda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.5.11. İnstituta ayrılan büdcə vəsaitinin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirir və tabeliyindəki müəssisələrin xərclər smetasını təsdiq edir;

5.5.12. İnstitutun fəaliyyəti, İnstituta dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlərin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə və Nazirliyin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə təqdim edir;

5.5.13. İnstitutda dövlət sirrinin qorunmasına görə məsuliyyət daşıyır;

5.5.14. qanunvericiliklə müəyyən edilmiş qaydada İnstitutun fəaliyyətinin təmin edilməsi ilə bağlı digər tədbirlər görür.

5.6. İnstitutda direktordan (Elmi Şuranın sədri), direktorun müavinlərindən, elmi katibdən, institutun funksional fəaliyyətini bilavasitə təmin edən struktur bölmələrin rəhbərlərindən, alimlərdən və mütəxəssislərdən ibarət Elmi Şura yaradılır.

5.7. İnstitutun ali idarəetmə orqanı onun Elmi Şurasıdır.

5.8. Elmi Şuranın üzvlərinin sayı, tərkibi və Əsasnaməsi institutun direktoru tərəfindən təsdiq edilir.

5.9. Elmi Şuranın tərkibinə üzvlər gizli və ya açıq səsvermə yolu ilə seçilir. Elmi Şura onun tərkibi Nazirliyin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli hesab edilir.

5.10. Elmi Şuranın iclası üzvlərinin ən azı üçdə iki hissəsi iştirak etdikdə (yetərsay olduqda) keçirilir. Elmi Şurada müzakirə olunan məsələlər barədə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

5.11. Nizamnaməyə dəyişiliklər Elmi Şuranın iclasında iştirak edən üzvlərinin üçdə iki hissəsi səs verdikdə qəbul edilir.

Elmi Şuranın hər bir üzvü bir səsə malikdir. Səsvermə gizli və ya açıq keçirilə bilər.

5.12. Elmi Şurada aşağıdakı məsələlər müzakirə edilir:

  • İnstitutun strukturuna daxil olan bölmələr, o cümlədən müəssisələr tərəfindən elmi-tədqiqat və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə hesabatların dinlənilməsi;
  • İnstitutun Nizamnaməsinə dəyişiliklərin müzakirəsi və qəbul edilməsi;
  • Elmi-tədqiqat işləri üzrə mövzuların, iş proqramlarının və planlarının təsdiq edilməsi;
  • İnstitutun elmi fəaliyyəti ilə bağlı məsələlərinin müzakirəsi;
  • İnstitut əməkdaşlarının ixtira, patent və səmərələşdirici təkliflərinin, elmi, elmi-texniki və təşkilati məsələlərin müzakirəsi.

5.13. Elmi Şurada müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilir. Elmi Şuranın qərarları İnstitutun direktoru tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

5.14. İnstitut dövlət büdcəsindən maliyyələşdirilən elmi tədqiqat işlərini Elmi Şuranın illik və perspektiv iş planlarına əsasən, öz fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə göstərdiyi xidmətləri isə müqavilələr əsasında yerinə yetirir.

5.15. İnstitutun elmi fəaliyyətinə nəzarət Nazirliyin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi tərəfindən həyata keçirilir.

6. İnstitutun fəaliyyətinə xitam verilməsi 

İnstitutun fəaliyyətinə qanunvericilklə müəyyən edilmiş qaydada onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolu ilə xitam verilir.