Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Haqqımızda

Azərbaycan dövləti ölkə əhalisinin yüksək keyfiyyətli tərəvəz, bostan və kartof məhsullarına, bu məhsulların emalını həyata keçirən sənayenin isə xammala olan tələbatının davamlı təmin olunmasına, ölkənin ərzaq təhlükəsizliyi Proqramının tərkib hissəsi olan, aqrar sahədə elmi-tədqiqatların daha keyfiyyətlə icrasına, onların təkmilləşdirilməsinə və alınmış nəticələrin istehsalata tətbiqinin yaxşılaşdırılmasına daim köməklik göstərir.

Respublikamızda aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması, ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə, o cümlədən müxtəlif çeşidli tərəvəzlərlə təmin olunması işində öz funksiyasını yerinə yetirən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, yarandığı gündən bu vaxta qədər xeyli işlər görmüş və hazırda da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdə davam edir.

Azərbaycanda tərəvəzçiliyin inkişafı keçən əsrin əvvəllərində xalq seleksiyaçıları tərəfindən tərəvəz sortlarınını yaradılması ilə başlamışdır.

1934-cü ildə Ümumittifaq Bitkiçilik İnstitutunun Azərbaycan filialının yaradılması və orada əsasən tərəvəz bitkilərinin dünya kolleksiyasının öyrənilməsi, 1946-cı ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qusarçay Zona Təcrübə Stansiyasının yaradılması və burada seleksiya və aqrotexnika sahəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi, tərəvəzçiliyin elmi əsaslarla inkişafının Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu yaradılana qədər keçdiyi tarixi yolun qısa xülasəsidir.

Respublikamızda kənd təsərrüfatının ən vacib sahələrindən biri kimi tərəvəzçiliyin daha da inkişaf etdirilməsi məqsədi ilə 1965-ci ilin iyun ayında, keçmiş Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu yaradılmış və həmin ildən də müstəqil elmi-tədqiqat institutu statusu ilə fəaliyyətə başlamışdır. İnstitut 1994-cü ildən “Tərəvəz-Toxum” Elm İstehsalat Birliyinə çevrilmiş, 2000-ci ildən isə yenidən Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu kimi fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarı ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılmışdır.

Strurktur etibarı ilə institut elm və istehsalat şəbəkələrindən ibarətdir. Elm şəbəkəsinə tədqiqat işləri ilə məşğul olan şöbə və laboratoriyalar, istehsalat şəbəkəsinə isə 3 bölgə zona təcrübə stansiyası (Lənkəran BZTS-faraş tərəvəzçilik zonası, Qusarçay BZTS-inkişaf etmiş konserv sənayesi zonası, Tovuz BZTS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron Yardımçı Təcrübə Təsərrüfatı) daxil olub, geniş tədqiqat işlərinin aparılmasını təmin edir. Tərəvəzçilik ET İnstitutunun əsas məqsədi və vəzifəsi tərəvəzçiliyin dinamik inkişafını təmin edən müasir səviyyəli kompleks proqramların işlənib həyata keçirilməsindən, qazanılmış elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqi və geniş yayılması sahəsində tərəvəzçiliklə məşğul olan təsərrüfat sahələrinə lazımi elmi-metodiki köməklik göstərməkdən ibarətdir.

Ölkədə tərəvəzçiliyin inkişafının etibarlı təminatı üçün, Tərəvəzçilik ET İnstitutunun qarşısında qoyulmuş əsas vəzifə yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı, müxtəlif vaxtlarda yetişən tərəvəz, bostan və kartof sortlarının yaradılması və onun istehsalata tətbiqidir. Həmçinin, institut yüksək və getdikcə artan tərəvəz məhsulu becərilməsini təmin edən kompleks aqrotexnologiyaların işlənib hazırlanması, bölgələrdə torpaqların münbitliyini sabit saxlamaq və yaxşılaşdırılması üçün əlverişli sələf bitkilərinin əsasında növbəli əkin sistemlərinin hazırlanması, tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki köməklik etmək, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasını öyrənmək, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqinə və geniş yayılmasına metodiki rəhbərlik göstərməkdən ibarətdir.

1965-ci ildən indiyə qədər institutda tərəvəz, bostan və kartof bitkilərinin 100-dən çox sortu yaradılmışdır ki, onlardan da 55-i rayonlaşmış, 9 sort isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində sınaqdan keçirilir. Bunlar: kələmin  Azərbaycan, Jalə, Yerli Abşeron, Rəcəbli 104, Abşeronskaya ozimaya, Araz, Sahil, açıq sahə üçün pomidorun Elim, İlkin, Vətən 1, Leyla, Zərrabi, İlyas, Nuru, Şəkər,  Yubiley-60, Xəzər, Zəfər, Alsu, örtülü sahə    üçün pomidorun Bənövşə, Şahin, Şəlalə, soğanın – Sabir, Yaxşılaşdırılmış yerli Hövsan, badımcanın Zəhra, Gəncə, Yaxşılaşdırılmış Billur, Məhərrəm, Türkan, Fədai, şirin bibərin Murad, Şəfa, Yadigar, Zümrüd, Humay, acı bibərin Göy göl,  xiyarın Azəri, örtülü sahə üçün xiyarın Bahar, sarımsağın Cəlilabad, Qusarçay, Elçin, tərəvəz lobyasının  Zülal, Sevinc, İsa, Bəyaz, İsa-12, tərəvəz noxudunun Fidan, Namiq, yerkökünün Abşeronskaya zimnyaya, Yubileynaya 60, qarpızın Mərcan, kartofun Sevinc, Əmiri 600, Telman, şüyüdun Otello sortlarıdır.

Hal-hazırda respublikamızda ümumi tərəvəz əkinləri sahəsinin 60-70%-də Tərəvəzçilik ET İnstitutunun sortları əkilir.

Müsabiqəli Qrantlar Proqpamı çərçivəsində Tərəvəzçilik ET İnstitutunda 2002-ci ildən başlayaraq 2006-cı ilə kimi qrant layihəsi yerinə yetirilmişdir. Həmin layihələr Tovuz rayonunun Alakol və Dönük Qırıqlı kəndində 26 hektar sahədə tətbiq edilmişdir. Proqramın köməyi ilə institutda yeni yaradılmış, yüksək məhsuldar kartof, tərəvəz sortlarının fermer təsərrüfatlarında geniş yayılmasına nail olunmuş, respublikanın müxtəlif bölgələrində fermerlərin iştirakı ilə yeni tərəvəz sortlarının seçilməsi və becərmə texnologiyasının tətbiqi fermerlərə nümayiş etdirilmiş və digər tədbirlər müvəffəqiyyətlə yerinə yetirilmişdir. Hər il vegetasiyası dövründə keçirilən “tarla günləri” adlı sərgidə yeni yaradılmış sortlar əlverişli və nümunələr nümayiş etdirilir və qiymətləndirilir.

Həyata keçirilən Beynəlxalq layihələr çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə işləri olan 2013-2015-ci illərdə “Azərbaycanda xəstəliklərdən azad (sağlam) kartof toxumçuluğunun inkişaf etdirilməsi” və 2015-ci il Beynəlxalq Torpaq ilində “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” adlı birgə layihələrdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu da aktiv iştirak edir.

İnstitutun alimləri öz fəaliyyətləri müddətində 30-dan çox səmərələşdirici təklif və ixtira üçün müəlliflik şəhadətnamələri almış, elmi axtarışların nəticələri barədə ölkə daxilində, regional, beynəlxalq konfrans, simpozium, konqres və qurultaylarda 500 dəfədən artıq məruzə ilə çıxış etmişlər.

İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri 50-yə qədər kitab və monoqrafiyada, 150 broşurada, 3000-dən çox məqalədə, 20 plakatda, 35 bukletdə, rayonlaşmış və yeni sortların rus və ingilis dillərində yazılmış təsviri verilmiş iri həcmli kataloqda və 2 cildlik elmi əsərlərin məcmuəsində məqalələr dərc edilmişdir.

İnstitutun yarandığı vaxtdan bu günə qədər, genefondda toplanmış müxtəlif tərəvəz, bostan və kartof bitkilərinin 5000-dən çox yerli və xarici mənşəli kolleksiya nümunələri öyrənilmiş, qiymətləndirilmiş və seleksiya məqsədləri üçün seçilmişdir.

İnstitutun Yardımçı Təcrübə Təsərrüfatında, Bölgə Zona Təcrübə Stansiyalarında, Dayaq Məntəqəsində tərəvəz, bostan və kartof sortlarının məhsuldarlığının artırılması istiqamətində aparılmış elmi tədqiqat işlərinin nəticəsi olaraq, yeni sortların, ailələrin və təmiz xətlərin yaradılmasına, yeni texnologiyaların tətbiqinə, zərərverici və xəstəliklər kompleksinə qarşı əlverişli mübarizə tədbirlərinə, məhsulların saxlanması və emalına aid yeni, səmərəli təkliflər işlənib hazırlanaraq fermerlərə təklif olunmuşdur.

2005-ci ildən Tərəvəzçilik ET İnstitutu Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru) ilə əməkdaşlıq edir.

Bölgə təcrübə stansiyaları ilə birlikdə hazırda institutda 155 əməkdaş çalışır. Onlardan 94 nəfəri institutda, 18 nəfər Qusarçay BZTS-da, 21 nəfər Lənkəran BZTS-da, 17 nəfər Tovuz BZTS-da, 5 nəfər Şəmkir dayaq məntəqəsində çalışır ki, bunun da 2 nəfəri elmlər doktoru, 17 nəfəri isə fəlsəfə doktorudur.