Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

YERKÖKÜ

Yerkökü təsərrüfat əhəmiyyətinə görə kökümeyvəlilər içərisində birinci yeri tutur. O, qida və pəhriz məhsulu kimi geniş istifadə edilir.

Yerkökünün başlıca üstünlüyü tərkibində karotinin çox (36 mq) olmasıdır. Onun toxumundan alınan daykarindən təbabətdə ürək xəstəliklərini müalicə etmək üçün geniş istifadə olunur.

Yerkökü yazda və payızda səpilir. Bu bitkini özünün becərildiyi sahəyə 2-3 ildən tez səpmək olmaz. Əks halda ziyanverici və xəstəliklər çoxalar, məhsuldarlıq və keyfiyyət aşağı düşər. Yerkökü üçün ən yaxşı sələflər ağbaş kələm, xiyar, pomidor, paxlalı bitkilər və çoxillik yonca hesab edilir. Yerkökünün yay əkinlərində isə göyərtilər, sarımsaq, tezyetişən kələm, xiyar və lobya yaxşı sələfdir. 

Torpağın səpinqabağı hazırlanması 

Yerkökü torpağın münbitliyinə çox həssasdır. O, humusla zəngin və qalın əkin  qatına malik qumlu və qumsal torpaqlarda yaxşı məhsul verir.

Yaz səpini üçün sahə hazırlanmasına noyabrda başlanır, bitki qalıqları təmizlənir, torpağa üzvi və mineral gübrələri verməklə 27-30 sm dərinlikdə dondurma şumu aparılır.

Torpağın səpinqabağı becərilməsi erkən yazda aparılmaqla üst qatın yumşaq və narın olmasını, toxumun bərabər dərinliyə düşməsini təmin etməlidir.

Yayda aparılacaq səpinlərdə sələf bitkilər yığılandan sonra sahə bitki qalıqlarından təmizlənir və MTZ-1221 traktoruna aqreqatlaşdırılmış LDQ-10 markalı üzləyici ilə 10-12 sm dərinlikdə yumşaldılır.

 MTZ-1221 traktoruna qoşulmuş RTO-4 peyinsəpən maşını ilə 30-40 ton/ha üzvi gübrənin verilməsi vacibdir. Eyni zamanda RMQ-4 gübrəsəpən maşınla mineral gübrələr təsiredici maddə hesabı ilə N70-90 kq, P50-60 kq, K60-100 kq tərkibində verilir. Üzvi və mineral gübrələr verildikdən sonra AG-MP-14-5 kotanını DT-75 M traktoruna aqreqatlaşdıraraq 25-27 sm dərinlikdə şum aparmaq lazımdır.

Yaz və yay əkinləri üçün torpağın hazırlanması ən vacib olan hamarlanaraq malalanması, su şırımlarının açılması və cərgəaralarının becərilməsindən ibarətdir.

Respublikanın tərəvəzçilik bölgələrində səpindən qabaq və sonra alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı mübarizədə herbisidlərdən, fungisidlərdən istifadə edilməsi müsbət nəticələr verir. Alaqlara qarşı mübarizə məqsədilə linuron herbisidindən 2,0-2,5 kq təsiredici maddə hesabı ilə 600 l suda qarışdırılaraq 1 ha sahəyə çiləmək yaxşı nəticə verir.

Herbisidlərin çilənməsini səhər tezdən və axşamçağı aparmaq lazımdır. Yüksək temperaturlu hava şəraitində və küləkli günlərdə herbisidlərin çilənməsi qəti qadağandır, çünki onların təsiri aşağı düşür. 

Toxumun səpinə hazırlanması 

Səpin üçün iri, ağır, tam yetişmiş toxumdan  istifadə olunmalıdır. İri toxumlar daha tez çıxış və yüksək məhsul verir, əmtəəlik kökümeyvələrin miqdarı artıq olur. Toxumu səpin üçün hazırlayarkən dərmanlama, islatma, cücərtmə və s. üsullardan istifadə olunmalıdır.

 Islatma toxumların cücərməsini sürətləndirir. Odur ki, toxumlar 18-200C istiliyi olan suda 1 gün və ya kalium permanqanatın 0,05%-li məhlulunda isladılmalıdır. İsladılmış toxumlar 5-7 gündən sonra cücərir.

Yerkökü günsevər bitkidir, soyuğa nisbətən davamlıdır. Toxumların şişməsi və cücərməsi 4-50C istilikdə başlayır, lakin 25-30 günə qədər uzanır. 10-120C istilikdə 20 gündən sonra, 20-25 dərəcədə isə 5-6 günə cücərti verir.

Toxum iki müddətdə: yazda (1-10.III) və yayda (20-30. VII) həm lent üsulu ilə 40+40+60 sm, 45+45+70 sm sxemlə, həm də cərgəvi üsulla cərgəaraları 50 sm olmaqla səpilir.

Hər hektara 4,5-6 kq toxum sərf edilir. Səpin norması torpağın münbitliyindən, səpin üsulundan və müddətindən, sahələrin  təmizlıiyindən, toxumun keyfiyyətindən asılı olaraq dəyişir.

İri təsərrüfatlarda səpini MTZ-122 markalı traktora aqreqatlaşdırılmış SUPO-9 və ya SO-4,2 maşınları ilə də aparmaq olar.

Toxumun basdırılma dərinliyi torpağın mexaniki tərkibindən asılı olaraq 1,5-3 sm olmalıdır. 

Bitkilərə qulluq işləri 

Səpinlərə qulluq işləri alaq otlarına qarşı əl ilə və herbisidlərlə mübarizədən, cərgəaralarının becərilməsi, seyrəltmə, suvarma, əlavə yemləmə, xəstəlik və ziyanvericilərə qarşı mübarizədən ibarətdir.

Bitki nəmliyə və rütubətə çox həssasdır.  Vaxtında cücərti almaq üçün səpini nəm torpaqlarda aparmaq və cücərti alınanadək onu nəmdə saxlamaq lazımdır. Səpinlərdə kök cücərtiləri ilk dövrdə çox zəif olduğundan qaysaqdan çıxa bilməyib məhv olur, nəticədə sahədə seyrəklik əmələ gəlir. Buna görə də bitkilərin ilk inkişaf dövrlərində sahə 4-5 gündən bir suvarılmalıdır. Çıxış alınandan kökümeyvə əmələ gələnə qədər torpaq-iqlim şəraitindən asılı olaraq 8-10 dəfə suvarmaq lazımdır.

Çıxış alındıqdan  və cərgələr göründükdən sonra cərgəaralarının becərilməsinə başlanmalıdır. Belə becərmələr 5-6 dəfə aparılmalı, alaq otları əl ilə 2-3 dəfə məhv edilməli, qaysağın əmələ gəlməsinin qarşısı alınmalıdır.

Sonra seyrəltmələr aparılmalı, 1-ci seyrəltmə 2 əsas yarpaq fazasında bitkilər arasında 1,5-2 sm, 2-ci seyrəltmə isə birincidən 20-30 gün sonra 4-5 sm məsafə saxlanılmaqla aparılmalıdır.

Bitkilərə əlavə yemləmə hər seyrəltmədən sonra verilməlidir. 1-ci əlavə yemləmədə hər hektara 100 kq ammonium şorası, 75 kq superfosfat və 50 kq kalium, 2-cidə isə 100 kq ammonium şorası, 50 kq superfosfat və 50 kq kalium gübrəsi verilməlidir.

Torpaqda yüksək nəmlik kökümeyvənin əmələ gəlməsi dövrlərində tələb olunur.

Məhsulun yığılması dəstə tərəvəz kimi kökümeyvələrin diametri 1,5 sm olduqda, kütləvi yığım isə kökümeyvələrin diametri 3-5 sm olduqda aparılmalıdır. Yaz əkinlərinin məhsulu, adətən, iyulun ikinci yarısında, yay səpinlərininki isə dekabrda yığılır.

Yerkökünün yığılması üçün CHU-3C markalı alətdən istifadə edilir. Kökümeyvələri yığmaq üçün Almaniyada istehsal olunmuş EM-11 markalı maşın yaradılmışdır ki,  o da MTZ-82 markalı  traktora qoşulur. 

Yerkökünün xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri 

Qara cürümə xəstəliyi–Bu xəstəliyin törədiciləri göbələk olub, onun spordaşıyıcıları rütubətli havada yarpağın, gövdənin üzərində yaşılımtıl-qəhvəyi rəngdə kif örtüklər əmələ gətirir, sonra yarpaqlar saralır, quruyur və ya çürüyür. Xəstəliyin yoluxma mərkəzi bitkinin toxumu və bitki qalıqlarıdır.

Qara ayaq xəstəliyi–Bu xəstəliyi törədən bakteriya yerkökünün kök boğazında olur. Nəticədə bu nahiyə qaralır, bitki soluxur və nəhayət, məhv olur.

Yerkökü uzunburunu–Bu zərərverici iri böcək olub (8-15 mm), sürfə mərhələsində torpaqda qışlayır. Qışlamaya qədər qidalandıqdan sonra,  torpağın 10-20 sm dərinliyində puplaşır. Dişi böcəklər yazda və payızda öz yumurtasını kök boğazına qoyur və cətirçiçəkli bitkilərə zərər verirlər.

Yerkökü milçəyi–Bədəninin uzunluğu 4-5 mm olub, qara rəngli, parıldayandır, o, pup mərhələsində torpaqda qışlayır. Bəzən anbarlarda kökümeyvələrin içərisində qışlayır. Milçəklərin uçması may, iyun aylarına təsadüf edir. Dişi fərdin qoyduğu yumurtadan sürfələr əmələ gəlir və onlar meyvənin içərisinə gırıb qidalanır və oranı zədələyərək yollar açırlar. Zədələnmiş kökümeyvələr kobudlaşır, öz dadını itirir.

Mübarizə tədbirləri: növbəli  əkin sisteminə əməl etmək, yerkökü səpilmiş sahəyə həmin bitkini 3-4 ildən sonra səpmək;

-toxumları 0,5-1,0%-li kalium permanqanat məhlulu ilə 15-20 dəqiqə dezinfeksiya etmək tövsiyə olunur

Zərərvericilərlə mübarizə məqsədilə yerkökü sahəsində dərin şum aparılmalı, sahə alaqlardan təmizlənməli, lazım gəldikdə Aktellik, Desis, Arrivo, preparatlarının biri ilə mübarizə aparılması lazımdır.

Xəstəliklərə qarşı əsas profilaktik tədbir kimi üzvi gübrələrdən istifadə olunmalıdır ki, bu da  bitkilərdə təbii davamlılıq yaradır. Suvarma suyu ilə gicitkan və ya kompostdan hazırlanmış  məhlulların tətbiqi də faydalıdır.

Vegetasiya müddətində biostumulıyatorlardan istifadə də yaxşı səmərə verir.