Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

TETİ-də “Beynəlxalq orqanik standartlar əsasında müfəttişlərin təlimi” mövzusunda seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstututunda FAO-nun  “Azərbaycanda Orqanik Kənd Təsərrüfatı və institusional potensialının inkişafı” layihəsi “Beynəlxalq orqanik standartlar əsasında müfəttişlərin təlimi" mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarı giriş sözü ilə İnstitutun direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov açıb, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yaradılan şərait və yeni layihələr haqqında iştirakçıları məlumatlandırıb. Ə. Eyvazov bildirib ki, layihə çərçivəsində toxuma olan təlabatın yeni məhsul hesabına ödənilməsi nəzərdə tutulur: “Yeni istixana kompleksi istifadəyə veriləcək. Kompleks 6 hektardan artıq sahəni əhatə edəcək. Kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxuma kulturası, laboratoriya, xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnostika laboratoriyasından ibarət olacaq. Daxili bazarda kartof və tərəvəz toxumlarına təlabat tam ödənildikdən sonra məhsul xaricə  ixrac olunacaq”.

Ə. Eyvazov iştirakçılara təşəkkür edib, uğurlar arzulayıb və çıxış üçün sözü Ege Universitetinin professoru, FAO-nun məsləhətçisi Uyğun Aksoya verib.

FAO-nun “Orqanik Kənd Təsərrüfatı” üzrə beynəlxalq məsləhətçisi, professor Uygun Aksoy İnstitutun əməkdaşlarını salamlayıb, yaradılan şərait haqqında xoş sözlərini dilə gətirib:

“Azərbaycanda aqrar sahədə potensial var. Öncəki illərlə müqayisədə bu sahədə çox yeniliklər var. Azərbaycan və Türkiyədə aparılan tədqiqatlar göstərir ki, bitkilərin becərilməsində geniş istifadə olunan dərmanlar bəzi problemlərə və xəstəliklərə yol açır”. U. Aksoy həmçinin Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının Elmi Təminatının həyata keçirilməsində, Ekoloji Təmiz Kənd Təsərrüfatı məhsullarının alınmasında, dünyada orqanik  Kənd Təsərrüfatı qanunvericiliyi və standartları haqqında iştirakçıları məlumatlandırıb.

Həmçinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Yaqub Quliyev çıxış etdi. O bildirdi ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda xeyli işlər görülüb:” FAO-nun məsləhətçisi Uyğun Aksoyu təkcə Türkiyənin yox, həm də Azərbaycanın mütəxəssisi hesab edirəm. “Orqanik Kənd Təsərrüfatı”məhsullarının alınması önəmli məsələlərdən biridir. Bu sahədə Uyğun xanımın böyük rolu vardır. Layihəyə göstərilən dəstəyə görə təşəkkür edirəm”

Sonda, görüşün iştirakçılarının sualları öyrənilib, mütəxəssislər tərəfindən müəyyən tövsiyələr verilib və seminar müvəffəqiyyətlə yekunlaşıb.