Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirildi

18 yanvar 2019-cu il tarixdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar hüzn gününə həsr olunmuş anım tədbiri keçirildi. Anım  tədbiri  şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.İnstitutun kollektivi bir araya gələrək sanki bir anlığa həmin qanlı-qadalı günü bir daha yaşadı. İnstitutun direktoru Elmar Allahverdiyev çıxış edərək qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixinin ən müdhiş, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Dayaqları çürüyüb-laxlamış imperiya bununla xalqımızı qorxudub öz ömrünü bir qədər də uzatmağa çalışırdı. O, bunun üçün müxtəlif üsullara əl atırdı. 20 Yanvar qırğını da bu üsullardan biri idi.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi böyük faciəyə səbəb oldu.

Lakin xalqımız azadlıq və müstəqillik yolunda hər şeyə hazır olduğunu bir daha sübut etdi.

Bu baxımdan 20 Yanvar yaxın tarixmizin qanlı faciəsi olmaqla yanaşı, həm də qəhramanlıq salnaməsi, müstəqillik savaşının başlanğıcıdır.

Çıxış edənlər o günlərə aid xatirələr danışdılar və şəhidlərimizin ruhuna dualar etdilər.