Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

TƏRƏVƏZ LOBYASI

İstər qidalılığına, istərsə də istifadəsi miqyasına görə tərəvəz lobyası tərəvəz bitkiləri arasında mühüm yer tutur. Lobyanın texniki yetişmiş qınlarının tərkibində 14,0 % quru maddə, o cümlədən 6 % zülal, 4 % azotlu maddələr, 4-6 % karbohidratlar, 2,9 % şəkər, 1 % sellüloza, 0,7 % mineral maddələr, quru toxumlarında isə 30 %-ə yaxın zülal vardır. 3 kq tərəvəz lobyası tərkibindəki zülalın miqdarına görə 1 kq əti əvəz edir.

Torpağın hazırlanması. Tərəvəz lobyası torpağı azotla zənginləşdirdiyinə görə xüsusi təsərrüfat əhəmiyyətli bitki hesab olunur. O, tərəvəz növbəli əkinində baş kələm, xiyar, pomidor, kartof və kökümeyvəlilərdən sonra yerləşdirilir. Onun dalbadal eyni sahədə əkilməsi xəstəliklərin artmasına, məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Respublikanın tərəvəz lobyası becərilən zonalarında bu bitki, əsasən, yaz və yay əkin dövriyyələrində yetişdirilir. Ona görə də torpaq payız və yay mövsümlərində hazırlanır. Payızda sələf bitkilərin qalıqları təmizlənəndən sonra sahəyə üzvi və mineral gübrələr verilib, 27-30 sm dərinlikdə dondurma şumu aparılır. Erkən yazda təkrar şum aparılandan sonra mala çəkilərək şırımlar açılır.

Yay əkinlərində torpağın hazırlanmasına yazda vegetasiyasını başa vuran bitkilərin məhsulu toplanandan sonra başlanılır. Bitki qalıqları təmizlənir, torpağa üzvi və mineral gübrələr verildikdən sonra şumlanır, malalanır, su şırımları açılaraq toxum səpilir.

Gübrələnməsi. Tərəvəz lobyası torpağa çox tələbkar olduğundan, gübrələrin vaxtında verilməsi onun məhsuldarlığını xeyli artırır. Qeyd edildiyi kimi, şum altına 30-40 t peyin və hər birindən 60 kq olmaqla azot, fosfor və kalium gübrələri verilir.

Bitkilərin azota olan tələbatı, həmçinin, köklərində olan azotu assimilyasiya edən Azotobacter chroococcum bakteriyaları tərəfindən həyata keçirilir. Bu bakteriyaların fəaliyyəti molibden və bor mikroelementlərindən asılıdır. Molibden çatışmadıqda lobyanın boy atması ləngiyir, məhsulu azalır, kökündəki bakteriyalar pis inkişaf edir. Ona görə də, lobya əkinlərin hər hektarina 2-4 kq molibden mikrogübrəsinin verilməsi məsləhətdir.

Bor elementi çatışmadıqda isə bitki saraldığından, yarpaqlarda xloroz xəstəliyi əmələ gəlir, ona görə də təsiredici maddə hesabı ilə hektara 0,4-0,5 kq vermək lazımdır.

Toxumun səpinə hazırlanması. Toxumlar yığılandan sonra alaq otlarının, həmçinin, digər sortların toxumlarından hökmən təmizlənməlidir. Təmizlənən toxumun cücərmə qabiliyyəti müəyyən olunur.

Tərəvəz lobyası toxumlarının ən qorxulu zərərvericisi dən yeyən-bruxusdur. Bu zərərverici  birbaşa toxumla tarladan gəlir. Anbarda saxlayarkən havanın temperaturunun azca yüksəlməsi nəticəsində bu zərərverici inkişafını davam etdirib toxumu tamamilə yeyib xarab etməklə onun keyfiyyətini aşağı salır. Ona görə də ya toxumlar aşağı temperaturda saxlanmalı, ya da xlorpikrin qazı ilə tozlandırılmalıdır. Əməliyyatı xüsusi kameralarda aparmaq lazımdır. Səpindən qabaq toxumların 0,1 %-li kalium permanqanat məhlulu ilə də  dərmanlanması məqsədə müvafiqdir.

Səpin. Tərəvəz lobyasının toxumu böyüklüyündən asılı olaraq 3-6 sm dərinliyə basdırılır. Səpin norması toxumun formasından, sortundan, ölçüsündən, həmçinin, cücərmə qabiliyyətindən asılı olaraq hektara 60-100 kq-dır.

Respublikamızın torpaq-iqlim şəraiti tərəvəz lobyasını becərmək üçün əlverişli olduğuna görə onu həm yaz, həm də yay mövsümündə əkib becərmək olar. Regionlardan asılı olaraq yaz səpinlərini aprelin birinci, yay səpinlərini isə iyunun ikinci yarısında aparmaq məsləhət görülür. Bu müddətlərdə aparılan səpinlərdən əmələ gələn bitkilər torpaq-iqlim şəraitinin əlverişli olmasından yararlanmaqla, normal böyüyüb inkişaf edərək, çoxlu reproduktiv orqanlar əmələ gətirir və yüksək məhsul verirlər.

Bitkilərə qulluq və yığım. Tərəvəz lobyasının ən yaxşı səpin sxemi cərgəvi üsulda 45 sm, lent üsulunda isə 40+40+40+60 sm hesab edilir. Səpinlərə qulluq işləri torpağın yumşaq və alaqsız vəziyyətdə saxlanması, bitkilərin vaxtlı-vaxtında suvarılması, həmçinin, zərərverici və xəstəliklərə qarşı mübarizə aparılmasından ibarətdir. Hər suvarmadan sonra alaqlar təmizlənir, bitkilərin dibləri yumşaldılır və doldurulur.

Bitkilərin vegetasiyası dövründə araları 8-12 sm saxlanmaqla 2 dəfə seyrəltmə aparılır.

Vegetasiya müddətində bitkilərə 2 dəfə yemləmə verilir. Birinci yemləmə təsiredici maddə hesabı ilə fosfor, kalium və azot gübrələrinin hər birindən 50-60 kq hesabı ilə kütləvi çıxışdan 10-15 gün sonra, ikinci isə gönçələmə fazasında verilməlidir. Yemləmə gübrələri veriləndən sonra onlar torpağa qarışdırılır və suvarma aparılır.

Tərəvəz lobyasının texniki yetişmiş meyvələri-qınları sorta məxsus rəng və ölçü alandan sonra 5-7 gündən bir əllə yığılır. Bu iş 4-5 dəfə təkrar edilir.

Qeyd etmək lazımdır ki, tərəvəz lobyasının yaz əkinlərindən alınan məhsul may-iyul, yay əkinlərindən alınan məhsul isə avqust-oktyabr aylarında təzə-tər məhsula olan tələbatı ödəmək üçün nəzərdə tutulur.

Xəstəlik və zərərvericilərlə mübarizə. Tərəvəz lobyasının geniş yayılan xəstəlikləri antraknoz, ağ və boz çürümə və pas xəstəlikləridir ki, bu xəstəliklərə qarşı ən yaxşı mübarizə tədbiri, ilk növbədə, aqrotexniki qaydalara, növbəli əkin sisteminə riayət olunmasıdır.

Bu bitkinin ən qorxulu zərərvericisi dənyeyən böcəkdir ( bruxusdur ). Sahədə ilk qınlar texniki yetişəndə böcəklər sürfələrini ( yumurtalarını ) daxilə qoyur. Toxumla anbara gələn zərəverici əlverişli temperatur şəraitində inkişaf edərək yetişmiş fərd şəklində bütün toxum kütləsini yeyib korlayır. Toxum daxilindəki sürfələrə qarşı mübarizə tədbiri, ilk növbədə, anbarda, saxlama yerlərində temperatur rejiminə ciddi riayət olunmasıdır. Belə ki, aşağı temperatur pupların inkişafını dayandırır. Həmçinin, yuxarıda qeyd olunduğu kimi, toxumları xüsusi kameralarda xlorpikrin qazı ilə də tozlandırmaq yaxşı nəticə verir.