Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

KARTOF

Kartof dünyada ən çox yayılan və becərilən kənd təsərrüfatı bitkilərindən biridir. Kartof nisbi rütubəti çox, temperaturu 16-260 C intervalda olan yerlərdə daha yaxşı inkişaf edir və çox məhsul verir. 290 C temperaturda yumruların böyüməsi, 330 C temperaturda isə assimilyasiya prosesi dayanır.

İnkişaf mərhələlərinə görə növlər bir-birindən fərqlənirlər. Belə ki, yabanı formalara nisbətən  mədəni formalarda əkindən kütləvi çıxışa kimi və çıxışdan çiçəkləməyə qədər olan müddət mədəni növlərdə 18-30 gün, yəni yabanı növlərə nisbətən çox qısa olur. Ümumiyyətlə, mədəni formalar, yabanı formalara nisbətən qısa inkişaf fazaları ilə xarakterizə olunurlar.

Kartofun rayonlaşdırılmış sortları 

Sevinc sortu – Sort kartofun S.tuberosum (2n=48), S.andıgenum (2n=48) və s. demissum (2n=72) növlərinin hibridləşməsindən alınmışdır. 1991-ci ildən respublikada rayonlaşdırılmışdır. Müəllifi Z.S.Əmirovdur.

Ortayetişəndir, mətbəx sortudur, dad keyfiyyəti ortadır. Məhsuldarlığı hektardan 300-310 sentnerdir.

Kolu hündür, dikdurandır, güclü kök sisteminə malikdir. Stolonları qısadır, yarpaqları tünd yaşıl olub, iri ölçülüdür, çiçəyi bənövşəyidir. Çiçək açması zəifdir və orta müddətlidir.

Yumruları uzunsov, uc hissəsi nisbətən itidir, çəhrayı rəngdədir. Yumruların çəkisi orta hesabla 120-130 qramdır. Ləti ağdır,  kəsdikdə qaralmır. Nişasta-15-16%-dir.

Əmiri-600 sortu – Sort kartofun S.tuberosum növünə aiddir və keçmiş Akvila sortunun populyasiyasından fərdi klon seçmə üsulu ilə alınmışdır. 1996-ci ildən respublikada rayonlaşdırılmışdır.

Müəllifləri: Z.S.Əmirov, V.T.Abdullayev, Ə.P.Abbasov.

Ortatezyetişəndir. Mətbəx sortudur, yüksək dad keyfiyyətinə malikdir.

Məhsuldarlığı hektardan 206-210 sentnerdir. Kolu hündür, dikdurandır. Stolonları qısadır. yarpaqları açıq yaşıl rəngdədir. Çiçəyi ağdır. Yumruları uzunsov ovalvaridir. Orta çəkisi 80-90 qramdır. Ləti ağdır. Nişastanın miqdarı 16-17%-dir. Saxlanma qabiliyyəti ortadır. Virus və fitoftoraya qarşı nisbi davamlıdır.

Telman sortu – Sort kartofun S.tuberosum növünə aiddir. Almaniyanın Alisma sortunun sərbəst tozlanmasından fərdi seçmə üsulu ilə alınmışdır. 2008-ci ildən respublikada rayonlaşdırılmışdır. Müəlliflər: Z.S.Əmirov, V.T.Abdullayev, M.S.Nəsibova, İ.R.Həsənov. Ortagecyetişəndir. Mətbəx sortudur, yüksək dad keyfiyyətinə malikdir. Məhsuldarlığı hektardan 180-200 sentnerdir. Kolu orta boylu, yığcamdır. Güclü kök sisteminə malikdir. Stolonları qısadır. Yarpaqları açıq yaşıl rəngdədir. Çiçəyi bənövşəyi rəngdə olub, çiçək açması zəifdir, yumruları dəyirmidir, ağ rəngdədir. Yumruların orta çəkisi 90-95 qramdır. Saxlanması ortadır, mexaniki yığıma yararlıdır. Virus xəstəliklərinə, fitoftoraya nisbətən davamlıdır. Nişastanın miqdarı 15-16%-dir.

Torpağın hazırlanması 

Kartof bitkisi üçün ən yaxşı sələf bitkiləri: dənli bitkilər, birillik və çoxillik otlar, paxlalı bitkilər, qarğıdalı, şəkər çüğunduru, xiyar, soğan və s. hesab edilir.

Kartofu badımcançiçəklilər fəsiləsindən olan bitkilərdən sonra, eləcə də kalium duzu (silvinit) verilmiş sahələrdə əkmək olmaz. Bu vaxt onun dadı pisləşir. Kartofun yeraltı hissəsinin normal inkişafı üçün torpaq yumşaq, dənəvər rütubətli olmalıdır. Belə torpaqlar yaxşı havalanırlar.

Kartof bitkisi ağır (gillicəli) torpaqlarda yüngül torpaqlara nisbətən 5-6 gün gec cücərti verir. Mexaniki tərkibcə yüngül, yumşaq və dənəvər torpaqlarda kartof bitkisi yaxşı inkişaf edir, yumrular tez böyüyür və onların keyfiyyəti yaxşı olur. Torpağın hazırlanmasına, əsasən, əkinqabağı becərmələr daxildir.

Payızda şum, bitki qalıqları təmizləndikdən sonra sentyabr-oktyabr aylarında 27-30 sm dərinlikdə, şum qatı dayazdırsa, onda şum qatı dərinliyində aparılır. Erkən yazda şumun malalanması başlanır. 15-18 sm dərinliyində ikiləmə şumu və diskləmə, sonra isə malalama aparmaq lazımdır. Əkin qabağı şırımlar açılır, hektara 40 t hesabı ilə peyin verilir.

Gübrələnməsi

Kartof yüksək məhsuldar bitki olduğuna görə torpaqdan çoxlu qida maddələri alır. O, hektardan 300 sent/ha (yaşıl kütlə ilə birgə) məhsul verirsə, torpaqdan aşağıda göstərilən miqdarda qida maddələri alır: azot-150 kq,  fosfor  (P2O5)-60 kq, kalium (K2O)-240 kq, kalsium (CaO)-90 kq, maqnezium (MgO)-30 kq, marqans-250q, brom və mis-50q.

Kartof bitkisinə qida maddələri üzvi və mineral gübrələr şəklində verilir. Bu zaman qida maddələrinin əsas hissəsi bitkilərə mineral gübrələrlə daxil olur.

40 t peyinlə fosfor və kalium gübrələrini, əsasən, payızda şum altına, azot gübrəsinin bir hissəsi əkin  qabağı, o biri hissəsi bitkilərin boyu 10-15 sm hündürlükdə olduqda verilməlidir.

Toxumluq kartofun hər bir hektarına 100 kq azot verilməlidir. Ancaq virus xəstəliyinə davamlılığı artırmaq məqsədilə azotun dozasını 60-70 kq-a kimi azaltmaq lazımdır.

Toxumun əkinə hazırlanması

Kartofun məhsuldarlığının artırılmasında toxumun əkinqabağı hazırlanmasının böyük əhəmiyyəti vardır. Əkiləcək toxumlar sağlam, mexaniki zədələnməmiş, cırlaşmamış olmalıdır. Əkindən əvvəl kartof toxumu çeşidlənməlidir: 30-50 q (xırda), 50-80 q (normal) və 80 qramdan ağır (iri). Kartofun göstərilən çeşidlərindən asılı olaraq bitki arası sıxlığını dəyişməklə məhsuldarlığı sabit saxlamaq olar. Toxumluq sahələrdə bitki arası məsafə ərzaq əkinlərinə nisbətən az  olmalıdır. Kartof toxumunun əkinqabağı cücərdilməsi çox vacib aqrotexniki tədbirdir. Belə ki, bu zaman bitkilərin rizoktonioz xəstəliyinə tutulma ehtimalı az olur, çıxış tez və kütləvi alınır, nəticədə məhsuldarlıq artır, fizioloji cəhətdən daha sağlam yetişmiş yumrular alınır ki, maşınla yığım zamanı yumruların mexaniki zədələnməsi azalır. Cücərdilmə zamanı otaqda havanın temperaturu 14-160C olmalıdır. Yumruları əvvəlcə 2-3 gün 23-250C temperaturda, daha sonra 8-100C temperaturda işıqda saxlamaqla cücərtmək lazımdır. Otaqda, yaxud istixanada nisbi rütubət 75-90% olmalıdır. Əkinə 2-3 gün qalmış havanın temperaturu 7-80C-yə qədər  azaldılmalıdır. Əkin zamanı yumruların üzərində cücərtilərin uzunluğu 0,5-0,7 sm-dən artıq olmamalıdır. Əks halda cücərtilərin qırılma ehtimalı artır.

Əkinə qulluq işləri

Kartofun məhsuldarlığı əkin müddətindən çox asılıdır. Əkin müddəti gecikdirildikdə məhsulun əmələ gəlməsi isti vaxta düşür və nəticədə məhsuldarlıq azalır. Optimal əkin  dağlıq və yüksək dağlıq ərazilərdə aprelin 10-30, dağətəyi təsərrüfatlarda martın 1-30, aran təsərrüfatlarında fevralın 10-20-si müddətində aparılır.

Bitkilərə qulluq işləri hava şəraitinə uyğun aparılmalıdır.

Sahədə 2-3% çıxış alındıqda və havanın temperaturu 20-250C olduqda alaq otlarına qarşı  herbisidlə çiləmə aparılmalıdır. Bitkilərin boyu 15-20 sm olduqda kultivatorun qazayağı pəncəli işçi orqanı ilə dibyumşaltma, 3-5 gün sonra kultivatorla dibdoldurma əməliyyatı aparılrmalı, bitki arası alaqlar əl ilə məhv edilməlidir. Dağətəyi və aran sahələrdə torpağın vəziyyətindən asılı olaraq ya hər suvarmadan sonra, yaxud iki suvarmadan bir dibdoldurma əməliyyatı aparılmalıdır. Axırıncı dibdoldurma işi bitkilərin yarpaqları şırım olan hissədə bir-birinə toxunma mərhələsində aparılır.

Kartofun xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri 

Vegetasiya dövründə xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılmalıdır. Suvarılan sahələrdə kartofa ən çox ziyan vuran virus xəstəlikləri, fitoftora, ziyanvericilərdən məftil qurdu, kolarado böcəyi, kələm sovkası və kartof güvəsidir.

Fitoftora xəstəliyi. Fitoftora xəstəliyi müəyyən müddət davam edən isti və rütubətli havada əmələ gəlir. Bir neçə günə bitkiləri sirayətləndirir. Gövdə və yarpaqlar boz-qonur rəng alır və quruyur.

Sirayətlənmədən 3-4 həftə sonra yumru üzərində boz-qonur rəngli basılmış şəkildə ləkələr əmələ gəlir. Əkinlər aşağıdakı dərmanların biri ilə əvvəlcə gönçələmə fazasında, sonra isə lazım gəldikdə çilənir: Kurzat 2,5 kq/ha, Akrobat- 2 kq/ha, Redomil-2,5 kq/ha.

Virus xəstəlikləri. Bu xəstəliklər suvarılan aran rayonlarında daha çox yayılmışdır. Bu xəstəliklərin təsirindən bitkilər özlərinin irsi xüsusiyyətlərini itirir, nəticədə məhsuldarlıq, yumruların toxumluq, ərzaq keyfiyyətləri aşağı düşür. Əsas əlamətləri bunlardır: yarpaqların ala-bəzəkliyi, qıvrılması, bükülməsi, bitkilərin xırda boyluluğu və s. Viruslardan təmizlənmiş toxum materialından istifadə edilməli, aqrotexniki tədbirlər kompleksini düzgün və vaxtında həyata keçirməli.

Məftil qurdu. Böcək və sürfələr torpaqda qışlayırlar. Bir nəsil 4-5 il yaşaya bilir, əkinqabağı aşağıdakı preparatlardan biri torpağa verilməlidir. Bazudin 10%-li (dənəvər)-20 kq/ha, Priban 15-20 kq/ha.

Kolorado böcəyi. Böcək torpaqda qışlayır. Kartofun çıxışından sonra yarpaqların altında yumurtalarını qoyur. Sürfələr bitki üzərində, puplar torpaqda yaşayırlar. Cavan böcəklər bölgələrdən asılı olaraq may-iyul aylarında görünür. yarpaq və gövdəni yeyirlər. 2-3 nəsil qoyurlar. Böcəyə qarşı mübarizə məqsədilə təmiz toxum materialı əldə edilməlidir. Böcəklər görünən kimi kimyəvi preparatların biri ilə çiləmə aparmaq lazımdır: Karate-0,1 qr/ha, Aktara-60 qr/ha, Mostar-240 qr/ha, Hekplan-240 qr/ha.

Kartof güvəsi. Bu zərərverici kəpənəklərin uçuşundan sonra əmələ gəlir. Havanın temperaturu təqribən 180C olduqda kəpənəklərin uçuşu və yumurta qoymaqları daha intensiv olduğundan aran və dağətəyi yerlərdəki kartof sahələri Karate-0,1 l/ha preparatı, kartof yumrularını 0,1%li Qauço M 0,7%-li, Monseren+Qauço preparatı ilə dərmanlamaq lazımdır. Kartof saxlanan anbarlar fumiqantlardan biri ilə fumuqasiya edilməli və ya 57%-li senfos preparatından istifadə olunmalıdır.