Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

BAŞ SOĞAN

Baş soğan əsas tərəvəz bitkilərindən biridir. Yaşıl kütləsindən səbzə tərəvəz kimi, soğanağından isə yeyinti və konserv sənayesində geniş istifadə edilir. Çox istifadə edilməsinin və geniş yayılmasının əsas səbəbi qidalılığı və müalicəvi xüsusiyyətləridir. Tərkibində bəzi mikroorqanizmləri məhv edən fitonsidlərin olması  baş soğanı tibbi nöqteyi- nəzərdən daha qiymətli bitkilər sırasına daxil edir.

Fermerlər soğanın qidalılıq, müalicəvi və əhalinin bu məhsula olan tələbatını nəzərə alaraq, əkin sahələrini genişləndirməlidirlər.

Soğan bitkisindən yüksək məhsul almaq üçün becərmə işləri vaxtında və aqrotexniki tələblərə uyğun aparılmalıdır.

Soğan münbit, yumşaq, qumsal torpaqlarda daha yaxşı bitir. Xiyar, kələm, pomidor, kartof, qarpız, yemiş və s. soğan üçün yaxşı sələf hesab edilir. 

Torpağın hazırlanması 

Baş soğan üçün ayrılmış sahələrdə torpağın hazırlanmasına payızdan başlanmalıdır. Sahə bitki qalıqlarından təmizlənməli və kənara çıxarılaraq yandırılmalıdır. Təzə peyinin soğan səpiləcək sahələrə verilməsi məsləhət deyil, çünki külli miqdarda alaq otları əmələ gəlir. Hektara 30-40 ton peyin və mineral gübrələrdən N100 K120 K90 torpağa verilərək dərhal şumlanmalıdır. Yaxşı olar ki, şumlama zamanı ALCP-4-14, PLN-4-35, PLN-5-35 kotanlarının ön kotancıqlarını 10-12 sm dərinliyə nizamlamaqla şumlama aparılsın. Bu zaman sahənin səthində olan alaq otu, bitki qalıqları, xəstəlik və ziyanvericilərin yuvaları şumun dərinliyinə basdırılır və bunlarla onların məhv olma ehtimalı çoxalır. İqlim mülayimliyi ilin bütün fəsillərində alaq otlarının böyüməsinə və yayılmasına səbəb olduğundan səpinqabağı becərmə işini təkrar şumdan başlamalı və onu 25-27 sm dərinlikdə aparmaq lazımdır. Səpinqabağı alaq otları yenə də əmələ gələrsə, torpaq 10-14 sm dərinlikdə  çevrilməlidir. Əksər tərəvəzçilik bölgələrində səpinə qədər arat yaxşı nəticə verir. Arat yetişən kimi torpaq 16-18 sm dərinlikdə şumlanmalı, malalanmalı və dərhal səpin aparılmalıdır.

Bu işlərin həyata keçirilməsində aktiv işçi orqanlı PBK-3, AGRMD, APO-5,4 markalı torpaq becərən maşınlardan da istifadə etmək olar.

Səpin 

Soğan toxumları başqa tərəvəz toxumlarına nisbətən gec cücərir. Onun cücərməsini sürətləndirmək üçün, toxum əkindən 3-4 gün qabaq bir gün ərzində 18-200C temperaturda suyu 2-3 dəfə dəyişməklə isladılır.

Toxumların səpin keyfiyyətinə onların mütləq çəkisi də  təsir edir. Bunun üçün toxum səpinə qabaqcadan hazırlanmalı, onun tərkibindən yüngül, keyfiyyətsiz toxumlar və başqa qarışıqlar çıxarılmalıdır. Bu məqsədlə toxum 5%-li xörək duzu məhlulunun içinə boşaldılır və yüngül toxumlar süzülüb çıxarılır.

Profilaktiki olaraq toxumları göbələk və bakteriya xəstəliklərinə qarşı mübarizə üçün Tiram tərkibli preparatlardan biri ilə (4-5q/kq) qarışdırmaq lazımdır.

Səpin suvarılan torpaq şəraitində payızda 10.IX-10.X, yazda 5.II-5.III müddətində aparılır. Hektara ən azı 8-10 kq toxum səpilməlidir. Dəmyə şəraitində bu norma bir qədər artırılmalıdır.

Baş soğan soyuğa davamlı bitkidir. Toxumu 1-20C istilikdə də cücərir. Lakin cücərmə 35 günə qədər uzanır. Optimal istilikdə (20-220C) cücərmə 8 günə başa çatır.

Cücərtilər aşağı temperatura, xüsusilə qısamüddətli yaz şaxtalarına davam gətirir. Soğan rütubətə çox tələbkardır. Tez cücərti almaq üçün səpin nəm torpaqlarda aparılmalı və cücərti alınana qədər yağışlarla kifayətlənmək olar. Səpindən sonra quraqlıq olarsa, sahə suvarılmalıdır. Soğan toxumunun cücərtiləri ilk dövrdə çox zəif olur və qaysaqdan çıxa bilmədiyi üçün məhv olur. Odur ki, toxum tam çıxış verənə qədər sahə tez-tez suvarılmalıdır.

Toxum ağır torpaqlarda 1,5-2 sm, yüngül torpaqlarda isə 2,5 sm dərinlikdə səpilməlidir. Bircərgəli lent üsulunda toxum səpildikdə lentlərin arası 50 sm, lentdə cərgə araları 20 sm olmalıdır. Toxum 3-4 cərgəli lent üsulu ilə də səpilə bilər. (40+40+60 sm 40+40+40+60 sm). Səpin SUPO-9, SOPQ-4,2, SO-4,2 toxum- səpənlərlə aparılmalıdır.

Səpinə qulluq işləri

Yüksək məhsul və tam inkişaf etmiş soğanaqlar almaq üçün bitkilər mütləq seyrəldilməlidir. Cücərtiləri iki dəfə seyrəltmək lazımdır. Birinci seyrəltmə bitkidə 2-3 yarpaq, ikinci isə 4-5 yarpaq əmələ gələn zaman aparılır. Bitkiarası birinci seyrəltmədə 2-3 sm, ikinci seyrəltmədə isə sortdan asılı olaraq 3-5 sm saxlanılır. Birinci suvarma cücərmə dövründə, sonrakı suvarmalar isə bitkinin tələbatından, torpaq və havanın rütubətindən asılı olaraq aparılır. Yığıma 20-25 gün qalmış suvarma dayandırılmalıdır.

Becərmə işlərinə tam çıxış alındıqdan sonra başlamaq lazımdır. Birinci becərmə 5-7 sm, sonrakı becərmələr isə 10-12 sm dərinlikdə aparılır. Becərmələrin sayı sahələrin nə dərəcədə alaqlı olmasından, suvarmalardan və torpağın xüsusiyyətindən asılı olaraq  4-6 dəfədən az olmayaraq aparılmalıdır.

Bitkinin boğaz hissəsi quruyub, yaşıl kütləsi yerə yatdıqda və tam quruduqdan sonra, baş soğanın quru qabığı sorta məxsus rəng alır. Bu dövrdə məhsul yığılmalıdır. Məhsul quru havada yığılmalı, qurudulub, torpaq və yarpaqdan təmizlənməlidir.

Gübrələnməsi 

Soğan bitkisinin gübrələmə sistemində hər hektara 120-150 kq azot və fosfor, 80-120 kq kalium verilməsi məsləhət görülür. Fosforun və kaliumun 50%-i payız şumu altına, qalan 50%-i isə vegetasiya müddətində 2 dəfə yemləmə şəkilində verilməlidir. Azot gübrəsinin 40%-ni torpağın səpinqabağı hazırlanması vaxtı, 20-30%-ni səpindən 20-25 gün sonra ( birinci yemləmə), 20-30%-ni isə başbağlama zamanı (ikinci yemləmə) vermək lazımdır.

Soğan bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri 

Yalançı unlu şeh (Peronospora) – Xəstəlik nəticəsində yarpaqlarda boz-bənövşəyi örtük əmələ gəlir, sonra isə bu örtüklər saralır. Bu örtüklər göbələyin mitselləridir ki, onlar xəstəliyi yayırlar. Havanın rütubətli və yağışlı keçməsi nəticəsində xəstəlik sürətlə inkişaf edir. Xəstəliyin təsiri nəticəsində soğanın yarpaqları soluxur, bitki  zəifləyir, nəticədə bitki məhv olur.

Mübarizə tədbirləri: bitkiləri növbələşdirmək, alaq otları ilə müntəzəm mübarizə aparmaq;

-toxum materialını zərərsizləşdirmək üçün səpindən 10-14 gün əvvəl 40-420C-də 8 saat müddətində toxumu qızdırmaq;

-toxum materialını Tiram tərkibli preparatlardan biri ilə dərmanlamaq;

-soğan bitkisi cücərməyə başladığı dövrdə profilaktika məqsədilə sahə 80%-li sinebin 0,4%-li və  1%-li Bordo məhlulları çiləmə aparmaq;

-baş soğan əkilən sahələrdə cücərtilər əmələ gələndən 4 həftə sonra bitki hüceyrələrinə daxil olaraq xəstəliyin sporlarını məhv edən Ridomil qold            (2,5 kq/ha) və  ya Revus (0,6 l/ha) preparatlarının birindən istifadə edilərək çiləmə aparmaq;

-toxum səpilən sahələrdə bitkinin 3-4 yarpaq mərhələsində Bravo (3,0 l/ha), sonrakı mərhələlərdə Ridomil qold (2,5 kq/ha) və ya Revus (0,6 l/ha) preparatlarının birindən istifadə etməklə çiləmə aparmaq lazımdır.

Soğanaqlar inkişaf etdikcə bitkilər digər xəstəliklərlə də sirayətlənə bilər, bu dövrdə Kvadris (0,8-1,0 l/ha) preparatının soğan bitkisinin bütün yarpaq xəstəliklərinə qarşı istifadəsi məsləhətdir və preparat  yaşıllaşdırıcı təsirə malik olaraq soğan bitkisinin fotosintezini yüksəldir, keyfiyyətini yaxşılaşdırır və məhsuldarlığı artırır.

Havanın mənfi streslərinə, eləcə də  herbisidlərin istifadəsi zamanı əmələ gələn streslərə qarşı İzabion (2,0  l/ha) biogübrəsi ilə çiləmə aparmaq səmərə verir. İlk çiləmənin soğanaqların əmələ gəlmə  mərhələsində, sonrakı çiləmələrin isə   15-20 gün intervalı ilə aparılması tövsiyə olunur.

Pas xəstəliyi. Xəstəliyin törədiciləri olan göbələklər yarpaqları zədələyərək nöqtəli sarı yastıqcıqlar əmələ gətirir. Nəticədə yarpaqlar pas xəstəliyindən saralır və quruyur. Bu xəstəliyə tutulmuş bitkilər zəif inkişaf edir və onlardan alınan məhsul keyfiyyətsiz olur.

Mübarizə tədbirləri: növbəli əkin sisteminə riayət etmək, yoluxmuş torpaq sahəsinə soğanaqlı bitkiləri 5-6 ildən sonra əkmək;

-məhsul yığıldıqdan sonra bitki qalıqlarını sahədən yığıb məhv etmək və dərin şum aparmaq;

-soğan əkiləcək xəstə torpağı əkindən qabaq kükürd və əhəng qarışığı ilə (56 kq kükürd-1,2 kq əhəng 1 hektara) dezinfeksiya etmək;

-toxum materialını səpindən qabaq Tiram tərkibli preparatlardan biri ilə dərmanlanmaq lazımdır.

Soğan milçəyi. Ən qorxulu zərərverici olub, 2,5-3,5 mm böyüklüyündə kiçik milçəkdir.

Pup mərhələsində torpağın 10-20 sm dərinliyində yalançı barama içərisində qışlayır, milçəklər may ayında uçmağa başlayırlar. Mayalanmış dişilər yumurtalarını bitkilərin yaxınlığında torpağa qoyur, 3-8 gündən sonra yumurtadan sürfələr çıxır. Sürfələr soğanaqlara daxil olub, qidalanır, nəticədə bitki saralır və  quruyur.

Mübarizə tədbirləri: toxum materialı səpindən qabaq Diazinon tərkibli preparatlardan biri ilə dərmanlanmalıdır;

Soğan milçəyinə qarşı mübarizə məqsədi ilə zəzərvericinin gözlənilən uçuşundan 2-3 gün əvvəl Aktara (0,4 kq/ha) preparatı ilə profilaktiki çiləmə aparmalıdır. Zərərvericinin ikinci nəsli əmələ gəldikdə Aktara (0,2 kq/ha) + Karate Zeon (0,2  l/ha) preparatlarının qarışığından və ya  Hektaş Diazinon (0,7 l/ha) preparatından istifadə etməklə mübarizə aparmaq məsləhətdir.

Eyni zamanda soğan milçəyi aşkar edildikdə bitkinin ətrafının Bordo məhlulu ilə 2-3 dəfə çilənməsi tövsiyə olunur. Soğanın erkən əkinləri, eləcə də soğan sahələrinin yaxınlığında milçəyi çəkindirən kök bitkisinin əkilməsi bitkini zərərverici ilə sirayətlənmədən qoruyur.

Soğanın gövdə nematodu – Soğanaqlarda toxumda və torpaqda qışlayan, çox kiçik (1-1,5 mm) ölçülü sapvari ağ rəngdə qurddur. Bu nematod qurumuş halda soğan tullantılarında, sahələrdə yoluxmuş bitki qalıqlarında, torpaqda bir neçə il qala bilir.

Rütubətli və yağışlı havalar zərərvericinin yayılmasına və zərər verməsinə zəmin yaradır və nəticədə soğanaqlar quruyur və cürüməyə başlayır.

Mübarizə tədbirləri: sağlam əkin materialından istifadə etmək və növbəli əkin sisteminə riayət etmək;

– soğan bitkisini kələm, xiyar və pomidor bitkisindən sonra yetişdirmək səmərəlidir;

– soğan nematodla sirayətlınmiş sahəyə yalnız 4-5 ildən sonra sağlam əkin materialı ilə əkilə bilər, eyni zamanda  soğanaqlar 10-15 dəqiqə 400C və ya 2-4 dəqiqə 550C temperaturlu su ilə isladılır, cərgələr arasına gülümbahar (календулa) bitkisinin əkilməsi səmərəlidir;

– vegetasiya müddətində Oxamyl  tərkibli Heksamyl SL (3 l/ha) preparatı ilə çiləmə aparmaq tövsiyə olunur.

Yuxarıda qeyd olunanlara ciddi surətdə əməl olunmalıdır.