Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

BADIMCAN

Badımcan bitkisi birillik olub, kök sistemi güclüdür, əsasən, torpağın üst səthində yerləşir. Açıq sahədə badımcan bitkisi növbəli əkin sistemində badımcan-çiçəklililər fəsiləsindən olan bitkilər becərilən yerə ən azı üç ildən sonra əkilə bilər. Badımcan  bitkisinin  sələfləri çoxillik otlar, taxıl, paxlalı bitkilər, tərəvəz bitkilərindən xiyar, kələm, soğandır. Onu növbəli əkində pomidor, kartof və bibərdən sonra əkmək olmaz. 

Sahənin hazırlanması 

Badımcan  bitkisini münbit, qida maddələri ilə zəngin torpaqlarda əkmək lazımdır. Yüngül gilli, şoran və şorakət torpaqlarda badımcan bitkisini becərmək düzgün deyildir. Badımcan bitkisindən yüksək məhsul almaq üçün payızda sələf bitkisi götürülən kimi, hektara 20-40 ton peyin verərək 25-30  sm dərinlikdə dondurma şumu aparmaq lazımdır. Yazda əkinqabağı becərmə zamanı torpağa mineral gübrələr verilməli, sahə 10-12 sm dərinlikdə yenidən şumlanmalı və şırımlar açılmalıdır. Bu vaxt cücərmiş alaq otları məhv edilir və sonra əkin aparılır.

Gübrələnməsi 

Badımcan  bitkisi əkiləcək sahəyə 20-40 ton peyin verilməsi şərti ilə mineral gübrələrdən N240 P240 K200 (kq-la) vermək lazımdır. Bu normada bitki yaxşı inkişaf edir və yüksək məhsul verir. Peyinin 50%-i, fosforun 60%-i ilə birlikdə şumaltına, qalan 50 %-i isə əkin zamanı cərgələrə və yuvalara verilib torpağa qarışdırılır. Badımcan azot və kalium gübrələrinə daha tələbkardır. Qida maddələri, xüsusən azot çatışmayan torpaqlarda bitki zəif inkişaf edir, az və keyfiyyətsiz məhsul verir. Fosfor, azot və kalium gübrələrinin qalan hissəsi vegetasiya ərzində 2 dəfə yemləmə kimi verilir. Birinci yemləmə şitil əkinindən 15-20 gün sonra, 2-ci yemləmə isə ilk meyvə əmələ gətirmə dövründə verilməlidir.

Toxumun səpinə hazırlanması 

Səpin üçün təzə, yaxşı yetişmiş, yüksək cücərmə qabiliyyəti və cücərmə enerjisinə malik olan toxumlar ayrılmalıdır. Səpindən qabaq toxum qarışıqlardan təmizlənməli, xəstəlik və zərərvericilərə qarşı mütləq (TMTD 8q/kq) və fentiuramla dezinfeksiya edilməli, cücərmə faizini yüksəltmək üçün isə 5%-li xörək duzu məhlulunda islatmaq lazımdır. Bu zaman rüşeymsiz toxumlar çıxdaş edilir, qalanları isə təmiz suda yuyularaq qurudulur və çeşidlənir.

Şitilin yetişdirilməsi

Hektara toxumun səpin norması 0,7-1 kq-dır. Toxumun səpilməsindən cücərtilərin alınmasına qədər istixanalarda temperatur 130C-dən aşağı olmamalıdır. 13-150C-də 12-20 gündən, 250C-də isə 7-9 gündən sonra cücərti almaq olar. Cücərti alınandan 5-7 gün sonra temperatur 16-200C-də saxlanmalıdır.

Torpağın nəmliyi 80% olmalıdır. Şitillərə 2-3 dəfə yemləmə gübrəsi verilməli və üstündən təmiz su ilə yuyulmalıdır. Şitil sahəyə köçürülməzdən əvvəl yaxşı suvarılmalıdır. Sahəyə köçürülən şitilin gövdəsi yoğun, 6-7 əsas yarpaqlı, hündürlüyü 10-15 sm və saçaqlı kök sistemi olmalıdır.

Şitillərin əkilməsi 

Əkin müddəti bölgələrdən asılı olaraq aprelin axırı mayın əvvəlidir. Şitil köçürülməzdən əvvəl sahə arat olunmalı, sonra şitil əkilib, yenidən su verilməlidir, Bitkiləri sahəyə buludlu havada, yaxud günün ikinci yarısında köçürmək məsləhətdir. Şitil əkini cərgəvi üsulla 70×35 sm sxemlə aparılmalıdır. Bəzən 90+50×35, 90+50×40 sm lent üsulu ilə də əkin aparılır. Şitillər SKN-6 və ya SKN-6A şitil əkən maşını ilə aparıla bilər. 3 gündən sonra şitillərin boğazı torpaqla doldurulmalıdır.  Əkindən 2 həftə sonra birinci yemləmə gübrəsi verilməli, texniki yetişmənin başlanğıcından sonra 2 və 3-cü yemləmə gübrələri verilməlidir. Bitkinin kökünün havalandırılması üçün kultivasiya edilməli və ya kətmənlənməlidir. Bunların bir hissəsi şum altına, digər hissəsi isə 2 dəfə yemləmə kimi sahəyə verilir.

Bitkilər yaxşı inkişaf etməsi üçün vaxtlı-vaxtında suvarılmalı, dibi yumşaldılmalı və doldurulmalı, yemləmə gübrəsi verilməli, bütün aqrotexniki qaydalar  yerinə yetirilməlidir.

Badımcanın şitilsiz üsulla yetişdirilməsi 

Bu üsulla yetişdirilən bitkilər yaxşı böyüyür, sağlam olur, kök sistemi normal inkişaf edir, qidalanması yaxşılaşır, quraqlığa, xəstəliyə və zərərvericilərə qarşı davamlı olur.

Badımcanı şitilsiz üsulla yetişdirdikdə toxum alaqlardan təmizlənmiş, strukturlu və münbit torpaqlara səpilməli, tezyetişən sortlardan istifadə olunmalıdır. Səpin, aprelin axırında aparılmaqla, hektara səpin norması 3-3,5 kq-dır. Əkinə qulluq işləri şitil üsulunda olduğu kimidir, yalnız bu becərmədə 2 dəfə seyrəltmə aparılmalıdır.

Toxumlar SQ-4,2, SOPQ-4,2 toxumsəpən aqreqatla səpilir.

Fermerlərə aşağıda göstərilən rayonlaşmış yerli sortlarımızı əkməyi məsləhət görürük: Zəhra, Gəncə, Məhərrəm, Fədai, Türkan, Yaxşılaşdırılmış Billur. Bu sortlar tez və ortayetişən olmaqla, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlıdırlar.

Məhsul texniki yetişkənlik dövründə yığılmalıdır. Məhsulun əl ilə yığıl- masından başqa, POU-2 platformalı, geniş götürümlü transpartyordan badımcan yığılmasında istifadə edilir. Bu maşınlarla yığım əl əməyini yüngülləşdirir və iqtisadi cəhətdən səmərəli olur.

 Badımcan bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri

Badımcan  bitkisinin əsas xəstəlikləri fuzarioz və makrosporioz göbələk törədiciləridir. Bu xəstəliklərin törədiciləri torpaqda olduğu üçün şitil yetişdirilən istixanaların torpaqlarını dəyişmək lazımdır. Bu mümkün olmadıqda, torpağı kimyəvi yolla və qızdırma üsulu ilə dezinfeksiya etmək lazımdır.

Yuxarıda qeyd edildiyi kimi, toxum materialı səpindən qabaq Tiram tərkibli preparatlardan biri ilə dərmanlanmalıdır.

Badımcan bitkisinə ən çox ziyan verən karantin ziyanvericisi olan Kolorado böcəyidir. Onunla mübarizədə  Alfa-sipi (0,7-0,1 l/ha), Valsarel, Nurelle D   (0,4-0,6 l/ha), Valsamba, Karate (0,1 l/ha), Aktara, Arrivo və s. preparatlardan istifadə olunmalıdır.

Kolorado böcəyindən ən təhlükəsiz mübarizə bioloji preparatlardan istifadə etməkdir. Bu preparatların tərkibində  Bacillus thuringiensis bakterialarının sporları vardır.

Göstərilən preparatlardan başqa, xəstəlik və zərərvericilərə qarşı mübarizə məqsədilə toxum səpinqabağı mütləq dərmanlanmalı, əkindən qabaq sələf bitkilərin qalıqları sahədən təmizlənməli, əkin dövriyyəsinə və aqrotexniki qaydalara düzgün riayət edilməlidir.