Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

AĞBAŞ KƏLƏM

Ağbaş kələm geniş yayılmış tərəvəz bitkilərindən biridir. O, ümumi tərəvəz bitkiləri sahəsinin 10%-ni təşkil edir. Bu bitkiləri özünün və kələmçiçəklilər fəsiləsinə aid olan digər bitkilərin sahəsinə 3-4 ildən tez qaytarmaq olmaz. Kələmi əvvəlki sahəyə vaxtından qabaq qaytardıqda ziyanverici və xəstəliklərin sahədə çoxalması, yeni kələm əkinlərinin torpaq vasitəsilə yoluxması nəticəsində məhsuldarlıq aşağı düşür. Kələm üçün ən yaxşı sələflər paxlalı bitkilər, xiyar, soğan, kartof, çuğundur,  pomidor və çoxillik otlar sayılır.

Torpağın hazırlanması 

Azərbaycanın tərəvəzçilik zonalarında kələm üçün torpaq payız, yaz və yay mövsümlərində hazırlanır.

Ağbaş kələmin payızlıq əkinləri üçün üçün torpaqın hazırlığı payızda sələf bitkilərinin qalığının sahədən toplanıb çıxarılması, torpağın üzlənməsi ilə başlayır. Bitki qalıqlarından təmizlənmiş sahə üzvi (20-40 ton peyin) və mineral gübrələr (300 kq fosfor, 100-150 kq kalium) verildikdən sonra 27-30 sm dərinlikdə şumlanır. Sələf bitkilərinin dövriyyəsindən asılı olaraq torpaq əkinə 10-12 gün qalmış təkrar şumlanaraq malalanır, su şırımları və kanallar açılaraq əkinə hazır edilir. Fosfor və kalium gübrələrinin əsas hissəsini (80%) şum altına, qalanını isə (20%-100 kq fosfor, 80 kq kalium) yemləmə şəklində vermək məsləhət görülür. Azotun 25-35%-i (100 kq) II şum altına, qalanı isə (250 kq) yemləmə şəklində verilir.

Torpağın yazda aparılacaq əkinlər üçün becərmələri üzləmədən və dərin şumdan ibarətdir. Torpaq şumlanmazdan əvvəl bitki qalıqlarından təmizlənir və üzləyicilərlə 10-12 sm dərinlikdə yumşaldılır.

Gübrələnməsi 

Ağbaş kələm üçün əsasən üzvi və mineral gübrələr istifadə olunur. Sortların tezyetişkənliyindən və əkin müddətindən asılı olaraq hektara 40-60 ton təzə və 20-40 ton çürümüş peyin verilir.

Kələm sahəsi təzə peyin şirəsi ilə əlavə gübrələndikdə bitkilərin böyüməsi və inkişafı sürətlənir, məhsuldarlığı daha yüksək olur.

Bir hektar kələm sahəsinə gübrələrin təsiredici maddə hesabı ilə təxmini miqdarı belədir: N-70-90 kq, P-60-90 kq, K-90-120 kq.

Əkin yerlərinin torpaq şəraitindən, əkin müddətlərindən, su ilə təmin olunma dərəcəsindən, sələf bitkilərinin xüsusiyyətindən və başqa amillərdən asılı olaraq bu normaları dəyişdirmək olar.

Ağbaş kələm bitkisi əsas qida elementləri ilə yanaşı, mikroelementlərə də (bor, miş, molibden) tələbkərdır. Əlavə yemləmələri şitil əkinindən 15-20 gün sonra  rozet əmələgəlmə və başbağlama dövrlərində vermək olar.

Toxumun səpinə hazırlanması 

Səpin üçün tam yetişmiş, iri, dolu və sort təmizliyi, cücərmə qabiliyyəti yüksək olan toxumlar ayrılır. Səpin qabağı toxumlar mütləq dərmanlanmalıdır.

Toxumların cücərməsini tezləşdirmək üçün toxumlar suda və ya mikroelementlərin məhlulunda 10-12 saat müddətinə isladılır (10 litr suda- 5 qram bor turşusu, 0,5 qram göydaş, 5 qram maqnezium sulfat, 0,5 qram ammonium molibdat və 0,2%-li superfosfatın sulu məhlulu həll edilir). Sonra toxumlar təmiz su ilə yuyulur. Toxumların səpinqabağı xəstəlik törədicilərinə qarşı zərərsizləşdirilməsi vacib mərhələlərindəndir. İlk növbədə,  toxum materialının termoterapiyası həyata keçirilir, yəni onlar 20-30 dəqiqə 50..52oC temperaturda qızdırılir. Bundan sonra toxumlar 1 dəqiqə soyuq suya salınır.

Fitopatogen infeksiyalara qarşı  toxumlar ridomil, benomil preparatları ilə (4 q/kq) və tiram tərkibli preparatlardan istifadə etməklə  dərmanlanır.

Bir hektar əkin sahəsinə şitil üsulunda 400-500 q, şitilsiz üsulda isə 1,5-2,0 kq toxum tələb olunur.

Şitilin yetişdirilməsi 

Şitillər səpin və əkin müddətlərindən asılı olaraq isti və soyuq şitilliklərdə yetişdirilir. Erkən yazda əkilən tezyetişən yazlıq sortlar isti şitillikdə, payızlıq, orta və gecyetişən yazlıq sortların  şitilləri isə soyuq şitillikdə yetişdirilir. İsti şitillikdə kələm şitilləri 10-12 günlük olduqda ya başqa yerə pikirovka edilir, ya da seyrəldilərək öz yerində saxlanılır.

İsti şitillik–Respublikamızda isti şitilliyin iki formasından–xəndək tipli (parnik) və plyonka çəkilmiş istixana tiplı şitilliklərdən istifadə olunur.

Bölgələrdən asılı olaraq tezyetişən yazlıq kələmlərin toxumu yanvar ayı ərzində səpilir. Hazırda plyonka çəkilmiş istixanalarda becərilən şitillərin maya dəyəri parniklərə nisbətən aşağı olur və daha yaxşı işıqlanır. Əkinə bir həftə qalmış şitilləri soyuğa öyrətmək üçün yan tərəfdəki plyonkalar açılır.

Soyuq şitillik–Bu şitilliyə payızlıq sortların toxumlarını sentyabrın 20-25-də, yazlıq sortların toxumlarını isə mart ayının 25-dən iyul ayının 15-nə qədər səpmək olar. Toxum həm isti, həm də soyuq şitillikdə arası 10-15 sm olan cərgələrə əl ilə və ya CПО-22, PRCM-7 markalı toxum səpənlərlə səpilir. Toxumlar 1-1,5 sm dərinlikdə basdırılır, süzgəclə yüngül suvarılır, üzərinə 0,5 sm qalınlıqda peyin çürüntüsü səpilir. Şitillərə 2  dəfə yemləmə gübrəsi verilir (hər kv. m-ə 20-30 q superfosfat, 15-20 q ammonium sorası, 10-15 q kalium). Birinci yemləmə həqiqi yarpaq əmələ gəldikdən sonra, ikinci yemləmə birincidən 10-12 gün sonra, üçünçü isə şitillərin əkilməsinə 7-10 gün qalmış aparılmalıdır. Yemləmədəm sonra şitillər təmiz su ilə dərhal yuyulur. Çıxaranda köklərin zədələnməsinin qarşısını almaq üçün şitil sahəyə köçürülməmişdən qabaq yaxşı suvarılmalıdır..

Əkin və qulluq işləri 

Əkindən qabaq sahə arat edilir, sonra şitillər əkilir. Əkin üçün CKH-6 və CKH-6A markalı maşınlardan da istifadə edilir. 5-6 yarpağa, 12-18 sm hündürlüyə, möhkəm gövdəyə və kök sisteminə malik bitkilər əkinə yararlı hesab olunurlar. Əkinin 70×30-50 sm sxemində aparılması məsləhət görülür. Bitkilərə qulluq işləri torpağın yumşaldılmasından, əlavə qida və su verilməsindən, alaqlara, ziyanverici və xəstəliklərə qarşı mübarizədən ibarətdir. Vegetasiya ərzində kələm sahəsində ən azı 3-4 dəfə becərmə işləri aparmaq lazımdır. Yaxşı olar ki, cərgə aralarına KOP-4,2, KPH-4,2, KFL-4,2 frezerli kultivatorla kultivasiya çəkilsin. Bitkilərin normal böyüyüb inkişaf etməsi üçün sahələri suvarmaq lazımdır. Suvarmaların sayı mövsümdən, torpağın xüsusiyyətlərindən, bitkinin yaşından asılı olaraq müəyyənləşdirilir. Suyun norması bitkinin ilk həyat dövründə az, vegetasiyanın sonrakı dövrlərində isə çox olur.

Kələm texniki yetişkənlik dövründə yığılır. Yığımın gecikdirilməsi məhsulun partlamasına və çürüməsinə səbəb olur.

Ağbaş kələmin şitilsiz üsulla yetişdirilməsi 

Payızlıq ağbaş kələm şitilsiz üsulla da yetişdirilir. Bu zaman bitkinin kök sistemi yaxşı inkişaf edir, torpağın dərinliyinə daha artıq gedir. Belə bitkilər qüvvəli, davamlı olub, bol məhsul verir. Bunun üçün yüngül, dənəvər, qalın qaysaq əmələ gətirməyən, su ehtiyatı və susaxlama qabiliyyəti yaxşı olan torpaqlar seçilir. Toxum sahəyə CO-4,2, СПЧ-6, СУПО-6 markalı toxumsəpən aqreqatla və ya əl ilə səpilir. Toxum sərfi cərgəvi  üsulda 1,5-2,0 kq, yuvalara dəqiq səpində isə 0,8-1,0 kq/ha-dır. Toxum 3-3,5 sm dərinlikdə səpilir. Toxumlar səpildikdən sonra yüngülcə suvarılmalıdır. Çıxış alındıqdan sonra, 4-5 həqiqi yarpaq əmələ gəldikdə seyrəldilmə aparılır. Seyrədilmiş şitillərlə digər sahədə əkin aparıla bilər. Qalan qulluq işləri şitil üsulunda olduğu kimidir.

Ağbaş kələmin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri 

Ağbaş kələmin ən çox yayılmış xəstəlik və zərərvericiləri aşağıdakılardır:

Yalançı unlu şeh – Xəstəliyə yoluxmuş bitkilərin yarpaqları tədricən saralır və quruyur. Xəstəlik toxum materialına, ana bitkiyə və s. böyük ziyan verir.

Mübarizə tədbiri: əkindən qabaq şitilləri 80%-li Tiram tərkibli preparatlardan biri ilə dərmanlamaq lazımdır.

Kila xəstəliyi – Göbələk bitkilərin kök sistemlərini zədələyərək seliklər əmələ gətirir, beləliklə, xəstə bitkilər inkişafdan qalır.

Mübarizə tədbiri: növbəli əkin sisteminə ciddi riayət edilməli, torpağa 80%-li sineb (hektara 20-25 kq) preparatı verilməlidir.

Kələm mənənəsi – Mənənələr kütləvi sürətdə çoxalaraq kələmin yarpaqları, çiçək saplağı, çiçəklər, meyvə saplağı və meyvənin üzərində bitkinin şirəsi ilə qidalanır. Bitki inkişafdan qalır, eybəcər hala düşür və quruyur.

Mübarizə tədbiri: məhsul yığıldıqdan sonra sahədən bütün bitki qalıqlarını və  alaq otlarını yığıb məhv etmək və dondurma şumu aparmaq lazımdır.

Mənənələri bir çox xeyirli həşaratlar məhv edir, məsələn, minici afidiusun sürfələri mənənələrin daxilində parazitlik edərək onu məhv edir. Bundan başqa, mənənələri xeyirli həşaratlardan qızılgöz böcəklər, nöqtəli böcəklər və s. məhv edirlər.  Xeyirli həşaratları  sahələrə şüyüd,  yerkökü və digər  çətirli bitkilər əkməklə cəlb etmək olar. Hazırda minici afidius xüsusi laboratoriyalarda istehsal olunaraq çoxaldılır və əkin sahələrinə buraxılır.

Mənənələrin ilk əlamətləri aşkar edildikdə xalq arasında istifadə olunan sabun, tütün, soğan, sarımsaq və digər məhsulların məhlulundan istifadə etməklə mübarizə aparılmalıdır.

Baş  bağlamamışdan qabaq kələm mənənəsi kütləvi sürətdə olarsa, yığımdan 30 gün əvvəl Bİ-58 (0,5-0,9 litr/ha), Desis (0,1-0,6 litr/ha) və ya Permetrin tərkibli (Tornado, Korsar, Rovekur)  preparatlarından birinin məhlulu ilə çiləmə aparılmalıdır. Hektara 600  litr işçi məhlul sərf olunur.

Kələm kəpənəyi – Bu gündüz kəpənəyi olub, pup mərhələsində qışlayaraq, yumurtalar qoyur və sonra bu puplardan kəpənəklər uçur. Bitkilərin yarpaqlarını yeyərək qurudur, tırtıllar kələmin başını yeyir və çox ziyan verirlər. 

Mübarizə tədbirləri: qışlayan pupları məhv etmək məqsədilə payızda və erkən yazda dərin şum aparılmalıdır.

Zərərvericinin kiçik yaşlı tırtıllarına qarşı mübarizə məqsədi ilə bioloji preparat olan Dendrobasillin (10 litr suya 30 qram), eyni zamanda az toksiki olan Fitovermin 0,2 %-li (10 litr suya 2 ml) məhlulundan istifadə etmək  səmərəlidir.

Vegetasiya dövründə tirtillara  qarşı Desis , Diazinon, Arrivo, Sumi alfa Aktellik (0,5 kq/ha) preparatlarının biri ilə çiləmə aparmaq lazımdır. Bu çiləmələr məhsul yığımına 20-25 gün qalmış aparılmalıdır.

Göstərilənlərə əməl etməklə hər hektardan 400-500 sentner kələm məhsulu almaq olar ki, bu da böyük iqtisadi səmərə verər.